SOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də "sərbəstləşən" və ya "sərbəstləşdirilən işçilər" anlayışıdır.
“Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: "1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər". Əlbəttə, insanların - zərurət ucbatından olsa belə - işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir”, - İ. Əhmədov qeyd edib.