Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində "Süfrə" MMC yaradılacaq.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tədbiq etmək olacaq.
O qeyd edib ki, belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır: "Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək".