İki gün əvvəl İTV efirində Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinə həsr olunan “BİZ” tarixi-sənədli filmi təqdim edilib. Filmdə Vətən müharibəsi dövründə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. “Biz” filmində özünü şəhid Daşqın Şəfiyevin məşhur videosundakı statusun sahibi kimi təqdim edən Nigar Qədəşova ilə bağlı hissə də yer alıb. Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev Modern.az-a açıqlamasında öz etirazını bildirib: “Mən və ailəm filmdə təqdim olunan xanıma nifrət edirik. O xanım böyük səhv edir, şəhidin adından, mənim qardaşımın adından istifadə edir. Çox təəssüf ki, xanımdır. Kişi olsaydı, onunla başqa cür danışardım”.
O. Şəfiyev deyib ki, Şəhid qardaşı Daşqının videosunda bəhs etdiyi status Nigar Qədəşovaya məxsus deyil: “Daşqın videoda gürcü qızı Nana Davidaşiviliyə cavab verib. Fimdəki Nigar Qədəşovaya “İnstagram”da mesaj yazdım ki, elədiyi hərəkət doğru deyil və Daşqının videoda cavab verdiyi qız o deyil. Nigar Qədəşova mesajımı oxuyandan sonra məni blok etdi. O bu yolla ancaq səhifəsində izləyici sayını qaldırıb, reklam əldə edir.