Komandam və seçicilərim üçün nə qədər ağır olsa da, mən özüm bu xəbəri məmnuniyyətlə qarşıladım. Özümün və dövlətin ünvanına yönəlik ittiham, şantaj və iddialar bununla da suya düşdü. Hesab edirəm ki, anti-islahat yönümlü mafiyalardan, qaranlıq dairələrdən bəslənən, siyasi saxtakarlığı özünə peşə etmiş, mübarizədə hər cür aşağı metodları məqbul sayan rəqibimin parlamentə buraxılmamasının özü də ciddi nəticədir. Bu nəticəyə görə özümdən və komandamın fəaliyyətindən razıyam.
Biz, seçki qərargahı olaraq nümunəvi və möhtəşəm bir seçki kampaniyası keçirdik, seçicilərin ümidlərinə ünvan olduq. Məhz bu səbəbdən də bütün maneəçiliklərə, təxribatlara baxmayaraq, seçkiyə gələn seçicilərin mütləq çoxluğunun səslərini alaraq, 5000 səs fərqi ilə qalib olduq. Lakin İqbal Ağazadə və onu dəstəkləyən qaranlıq güclər, hakimiyyətdən kənarlaşdırılan revanşistlər, mafiyalar bu məğlubiyyəti qəbul etmədilər, bütün güclərini qoyaraq, sosial media vasitəsi ilə ictimai rəyi manupulyasiya etməyə, dövlət orqanlarına və şəxsimə qarşı şantaj kampaniyasına rəvac verdilər. İddia edirəm ki, bu prosesdə onlara xarici xüsusi xidmət orqanları da dəstək verdilər. Seçki günü qeyri-qanuni yollarla çəkilmiş yarımçıq, heç bir sübit əhəmiyyəti olmayan videolarla ictimai rəydə mənim qələbəbəmin legitimliyinə şübhə yaratmaq üçün əllərindən gələni etdilər. Etiraf edim ki, buna da əhəmiyyətli şəkildə nail oldular. Çünki bunların iddia etdiklərinin əksinə olaraq, mənim arxamda heç bir siyasi güc, heç bir dövlət qurumu dayanmırdı. Mən bir media mənsubu olaraq, öz gücüm və qabiliyyətim sayəsində möhtəşəm, tarixlə düşəcək seçki kampaniyası keçirdərək, tər-təmiz qələbə əldə etmişdim. Arxamda hakimiyyətin gücü, bu gücü siyasətdə təmsil edən Yeni Azərbaycan Partiyası olsaydı, mənə qarşı bu cür açıq şantaj kampaniyası həyata keçirilə bilməzdi. Buna cəsarət edə bilməzdilər.
İctimai rəydəki bu manipulyasıyanı nəzərə alaraq, mən 13 fevral tarixində MSK və ictimaiyyətə bir müraciət ünvanladım. Təklif etdim ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsində seçkinin nəticələri ləğv olunsun və seçki təkrar keçirilsin. Bu müraciətlə də rəqibim İqbal Ağazadəni yenidən yarışa səslədim. İstərsə, keçən dəfəki kimi, qusarlı Rauf Abbasov, Arzu Abbasov kimi klonlarla, çirkin texnologiyalarla, məntəqə sədrlərini rüşvətlə tərəfə çəkməklə gəlsin. Mənə fərq etmir. Buyursun, bir daha yarışaq! Hərçənd ki, seçkidə yol verdiyi cinayət xarakterli əməllərə görə onun məsuliyyətə cəlb olunmaq, siyasi fəaliyyətdən də uzaqlaşdırmaq cəzası da ola bilər.