Noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən "Qanlıgöl” adlanan əraziyə çağırıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, orada olan yarımtikilidə tanımadığı dörd nəfər ona qarşı fiziki zor tətbiq etməklə bir ədəd dəyəri 1 500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər.
Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər. Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.