Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun dələduzluq əməlləri ilə bağlı detallar məlum olub.
R.Nəcəfovun əməllərinin qurbanı olan şəxslərdən biri deyib ki, Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşını aldadaraq onları Təhsil Nazirliyində işə düzəltmək, xarici jurnallarda məqalə dərc etdirmək və digər vədlərlə aldadıb.
AMEA-nın adının çəkilməsini istəməyən əməkdaşı qeyd edib ki, təxminən bir il öncə R.Nəcəfov ondan 3000 manat alıb: “Dedi ki, məqalələrim xarici nüfuzlu jurnallarda dərc olunacaq. Sonra öyrəndim ki, bu vədə inanan nə ilk, nə də son adamam. 40-dan çox adamı mənim kimi aldadaraq pulunu mənimsəyib”.
Belə ki, 3 ilə yaxındır bu işlə məşğul olan R.Nəcəfov zərərçəkmişləri müxtəlif vədlərə inandırıb. Məlumata görə, o, pul götürdüyü şəxsləri Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağına inandıraraq onlardan pul tələb edib. Zərəçəkmişlərdən birinin sözlərinə görə, o, Rahil Nəcəfova 3, digərinin sözlərinə görə isə diplomların tanınması və nazirlikdə işə düzəlmək üçün 30 min manatdan çox pul verib. Onlara verilən vədlərin yalan olduğunu biləndə isə Rahil Nəcəfovun əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.