Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. Prezident İlham Əliyevin bununla bağlı noyabrın 30-da imzaladığı sərəncama uyğun olaraq, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsinin ucaldılması qərara alınıb. Bu barədə Modern.az-a danışan Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli 200 illik yubiley tədbirləri ilə bağlı təkliflərini səsləndirib. Aşığın nəslinin davamçısı onun mədəni irsinin təbliği ilə bağlı 2021-ci ildə önəmli, səs-küylü tədbirlərin həyata keçirilmədiyini düşünür: “Aşıq Ələsgər haqqında vaxtilə ulu öndər Heydər Əliyev doğru qiymət verib. Sovet dövründə Aşıq Ələsgərin 150 illiyi Göyçə mahalında, İrəvanda, Moskvada və Bakıda qeyd edilib. İndiki məqamda müstəqil Azərbaycan kimi bizim daha çox imkanlarımız var ki, daha yaxşı işlər görək, dədə Ələsgərin adını əbədiləşdirək, irsini təbliğ edək. İndiyə qədər Aşıq Ələsgərin böyüklüyü adını qoruyub saxlaya bilib. Təəssüf edirəm ki, bəzən aidiyyəti olan qurumlar məsələyə ürəkdən yanaşmayıblar. Bir müddət sanki Aşıq Ələsgər kölgədə qaldı. Dədə Ələsgərin irsinin qorunması ilə bağlı görüləcək çox işlərimiz var. Bunlar həyata keçərsə, saz sənətinə verdiyimiz dəyəri bir daha nümayiş etdirmiş olarıq. Öz kökümüzə sayğımızı, hörmətimizi bütün dünyaya nümayiş etdirə bilərik. Aşıq Ələsgərin irsinin əbədiləşdirilməsi aşıq sənətini yaşadan, dəyər verən hər kəsin ürəyincə olar”.
Xətai Ələsgərli həm Aşıq Ələsgərin nəticəsi kimi, həm də “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri kimi təkliflərini bildirib:
“Məsələn, Bakı Metropoliteninin stansiyalarından birinə Aşıq Ələsgərin adını vermək təqdirlə qarşılana bilər. Metronun “Gənclik”, “Ulduz”, “Dərnəgül” kimi stansiyalarının adları Aşıq Ələsgər adından önəmli və böyük deyil. Aşıq Ələsgər poeziyasının təbliğinə bu şəkildə ciddi yanaşmaq, mədəni irsimizi qoruyacaq gənc nəsil üçün də əhəmiyyətli ola bilər.