Dekabrın 14-də Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasının qanunsuz olaraq icarəyə verilməsindən iddiaya baxılacaq.
İddiaçı Bahadur Əli qanunsuz bağlanmış müqavilənin ləğvini tələb edir. Bildirir ki, əslində müqavilə formal olaraq ruhi xəstə ilə bağlanıb. Torpaq sahəsi Cəlal Həmidovun adına rəsmiləşdirilsə də, faktiki olaraq vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, ağbirçək yaşında xuliqanlığa görə məhkum olunmuş Tamara Əliyevna Həmidovanın istifadəsindədir.
İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan alınan sənədlərin çox ciddi şəkildə araşdırılmasına ehtiyac olmasını vurğulayır: “Hacıbala Abutalıbov işdən çıxarılan gün - 2018-ci il aprelin 20-də Tamara Həmidovanın maraqlarına uyğun bir sənəd imzalayıb. Bu gün də bəlli deyil ki, Hacıbala Abutalıbovun həmin sənəddəki imzadan xəbəri olub və ya əksinə, olmayıb.
Məsələnin mahiyyəti budur ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq vətəndaş Bahadur Əlinin Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəsinə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olub ki, Tamara Həmidovanın qəyyumu olduğu qardaşına icarəyə verilən torpağın bir hissəsi Bahadur Əlinin torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür".
Buna görə də Bahadur Əli Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında ayrılmış torpağın Bahadur Əliyə məxsus torpaq sahəsinin zəbt etməsi tam təsdiq olunub. Məhkəmədə Tamara Həmidovanın qardaşı ilə bağlanan icarə müqaviləsinin ləğv edilməsi və iş üzrə xüsusi qərardadın çıxarılması qaçılmaz olub.