Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına - Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib.
Pravda.az-ın xəbərinə görə, Fərəc Kərimli bildirib ki, bu gün onlar BŞBPİ-yə dəvət olunaraq, BŞBPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı ilə görüşüblər. Görüşdə onlara xəbərdarlıq olunub ki, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanda - saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında deyil, fərqli məkanda keçirilməsinə cəhd olsa, aksiyanın qarşısı alınacaq.
Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib. BŞİH mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edib.