Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ötən prosesdə zərərçəkmiş, iş adamı Əhməd Mirzəyev ifadə verib. O bildirib ki, MTN vəzifəliləri ondan müxtəlif vaxtlarda hədə-qorxu ilə pul alıblar:
"Mən kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışı ilə məşğul olurdum. 2010-cu ildə Gürcüstandan tələbə yoldaşım Lento mənə zəng edib qranit materialından balta hədiyyə göndərdiyini dedi. Baltanın yanında qızıldan keçi fiquru da olduğunu bildirdi. Dedi ki, qızıl keçi Bakıda Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar alıb Lentoya göndərməli idim. Martda Lentonun dediyi şəxs mənə zəng elədi ki, hədiyyəni gətirib. Sürücüm Arifə dedim avtovağzaldan baltanı və keçi fiqurunu götürüb Zaurun evinə aparsın. 2-3 saat sonra Arif zəng elədi ki, Zaurun evində olanda MTN işçiləri basqın ediblər. Səhəri özünü MTN əməkdaşı kimi təqdim edən şəxs zəng etdi, nazirliyə çağırdı. Nazirlikdə mənə çoxlu qızıl əşyalar, fiqurlar və balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil.
MTN-də mənə dedilər ki, “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq”. Dedim ki, 500 minim yoxdur, məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs qətimkan tədbiri seçdilər. Həbsdə olduğum müddətdə hər gün Təhsin Ağayev (MTN-nin Baş İstintaq İdarəsinin rəis müavini - red.) məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün 500 min manat tələb edirdi. Əks halda 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşdım”.
İş adamının sözlərinə görə, 500 min manat verdikdən sonra onu həbsdən azad ediblər. Lakin həbsdən çıxandan sonra general-mayor Mövlam Şıxəliyev ondan əl çəkməyib: