BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Prezident İlham Əliyev konkret tələb qoyub ki, hər bir məmur xalqın yanında olmalıdır" - MÜSAHİBƏ

Naqif Həmzəyev: “Müxalifət düşərgəsində düşüncədə yaşlanmanın şahidi oluruq”

 

Deputat: “Ağac kəsmək ən böyük cinayətdir"

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin Pravda.az-a müsahibəsi:

 

- Ölkə gəncliyi ilə bağlı qənaətiniz nədən ibarətdir?

 

- Ulu öndər Heydər Əliyev gənclər siyasətinə xüsusi önəm verib, onlar ölkədə məsul vəzifələrə cəlb olunub. O dövrdə həqiqətən çox çətin idi, gənc kadrların sayı kifayət qədər deyildi. Həmin vaxt bizim köməyimizə sovet dövründə ulu öndərin köməkliyi ilə xaricdə təhsil almış kadrlar gəldi. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdikdən sonra isə bu siyasət daha da uğurla həyata keçirildi, təhsil səviyyəsi yüksəldildi, universitetlərin maddi-texniki bazası gücləndirildi. Ona qədərki dövrdə 5 minə yaxın gənc dövlət proqramı vasitəsilə xaricdə təhsil almağa göndərilmişdi, daha sonra həmin gənclərin dövlət qurumlarında müqavilə ilə işləməsinə şərait yaradıldı. Son 15 il ərzində universitetlərdə yaradılan maddi-texniki baza, təhsil səviyyəsinin yüksəldilməsi, gənc kadrların yetişdirilməsi üçün dövlətin çəkdiyi xərc və neft kapitalının insan kapitalına çevrilməsi fəlsəfəsi nəticəsində gənclərdən ibarət kifayət qədər güclü kadr potensialı yaranıb. Yəni, bir kadrın formalaşması üçün 20 il vaxt sərf olunur. Bu, dövlətə asan başa gəlmir, vəsait xərcləyir. Sevindirici haldır ki, Azərbaycanda etibar edə biləcəyimiz kadr ordusu formalaşıb. Prezdent İlham Əliyev gənclərə çox böyük etimad göstərir. Bir məsələni vurğulamaq istərdim, xatırlayırsınızsa, Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən dedi ki, Azərbaycanda gəncləşmə siyasəti aparılır, bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir: “Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”. Yəni, kadrların hamısını gəncləşdirmək mümkün deyil. Çünki yaşlıların təcrübəsi ilə gənclərin enerjisi, bilik və bacarıqları ahəng təşkil etməlidir. Bu kadrlar əl-ələ verib, ölkənin gələcəyi ilə bağlı düşünməlidirlər.

 

- Azərbaycanda gənclərin inkişafı üçün hansı işləri görülür?

 

- Gənclər siyasəti əsas prioritet istiqamətlərdən biridir. Çalışırıq ki, gənclərlə bağlı layihələr yalnız Bakıda deyil, regionlarda da həyata keçirilsin. Gənclər və idman nazirliyi, Gənclər Fondu, Milli Məclisin Gənclər və idman komitəsi və digər təşkilatlar koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Düşünürəm, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti çox uğurludur. Bilirsiniz ki, tələbələr üçün yataqxanalar tikilir, Gənclər Fondu təhsil haqqını ödəyə bilməyən tələbələrə kömək edir... İstənilən gənc qrant layihələrində fərdi şəkildə iştirak edərək həm Gənclər Fondundan, həm də Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından, Bilik Fondundan, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan yardım ala bilər. Bu, birbaşa gənclərə olan diqqətdir. Bugünkü gənclər çox xoşbəxtdirlər ki, onların lideri Prezident İlham Əliyevdir.

 

- Ümumiyyətlə, gənclər nə istəyirlər?

 

- İnkişaf etmiş ölkələrdə gənclər məsələsinə yanaşmada müəyyən dəyişikliklər edilib. Yəni, onlar gənclərlə bağlı problemləri 6 aylıq, 1, 5 illik deyil, gündəlik öyrənirlər. Əsas sual budur: Gənclər nə istəyir? Gənclərin istəkləri günü-gündən dəyişir. Dünya necə sürətlə inkişaf edir, gənclərin də istəkləri, həyata baxışları ona uyğun dəyişir. Biz də daim gənclərlə təmasda olmalıyıq, istəklərini öyrənməliyik. Çalışmalıyıq ki, gənclərin nə istədiklərini verə bilək... Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının üzvlərinin 52 faizi gənclərdir. Bu, o deməkdir ki, biz birbaşa gənclərlə işləyirik, fəaliyyətimizin əsas istiqamətlərindən də biri budur. Regionda olan gənclər heç də Bakıda olan gənclərdən geri qalmırlar, hətta rəqabətə girirlər. Bunu həyata keçirilən layihələrdə də görə bilərsiniz. Bir sözlə, çox bacarıqlıdırlar. Azərbaycanda dövlətlə gənclər arasında sıx əlaqə var. Düşünürəm, bu işlər gələcəkdə də davam etdiriləcək.

 

- Siz çıxışlarınızda gənclərə sağlam həyat tərzi keçirmələri ilə bağlı tövsiyələr edirsiniz. Özünüz hansı idmanla məşğulsunuz?

 

- Dövlət idmana çox böyük diqqət və qayğı göstərir, Azərbaycan idman ölkəsi kimi tanınır, mötəbər tədbirlərə uğurlu ev sahibliyi edən ölkə kimi ad qazanıb. Sevindirici haldır ki, Azərbaycan regionun lider ölkəsidir. Çalışmalıyıq ki, idmanın kütləviləşməsi üçün müəyyən addımlar ataq. Peşəkar idmançıların yetişməsi başqa məsələdir, bu istiqamətdə göstəricilərimiz normaldır. Sadəcə, əhali arasında da idmana maraq olmalıdır. Yəni, insanlar aktiv həyat tərzi sürməlidirlər. Bilirsiniz ki, həm Bakıda, həm də regionlarda müxtəlif yarışlar təşkil edilir. Orta təhsil müəssisələrində idman dərslərinin keçirilməsinə nəzarət olmalıdır. Hər bir valideyn də bu işə maraq göstərməlidir. Bəzən görürük ki, valideynlər uşaqlarını idman dərslərində iştirak etməyə qoymur. İdmanı uşaqlara sevdirməliyik. Milli Məclisdə çıxışımda da dedim ki, idman mərkəzləri yaradanlara dəstək olmalıyıq, onlara vergi güzəştləri olmalıdır. Hər küçədə necə ki bir şərab evi, mağaza var, heç olmazsa, hər məhəllədə yoqa, fitness mərkəzi görsək, yaxşı olar. Hər bir Azərbaycan vətəndaşı bu sahədə üzərinə düşəni etməlidir. İnsanlar ən azı 5-10 addım piyada gəzə, yürüş edə bilərlər, çəkinməsinlər, bunu yaysınlar. Həftəsonları velosiped də sürə bilərlər. Yaxşı olar ki, ölkədə velosiped yolları yaradılsın. Belə olan halda, hətta işə də velosipedlə gedib-gəlmək mümkündür. Həftədə ən azı 3 dəfə yoqa və ya gimnastika ilə məşğul oluram. Eləcə də üzgüçülük də məşğul olmağa çalışıram, bununla yanaşı yürüş də edirəm. Bu, mənim həyat tərzimdir. Sağlam qidanlanmaya da fikir verirəm, çalışıram, az yeyim, sağlam qidalar qəbul edim ki, dərmanlara pul xərcləməyim.

 

- Ölkədə yoqaya maraq hansı səviyyədədir?

 

- Yoqa məktəbinin açılması bu sahəyə marağı artırıb. Heydər Əliyev Fondunun birinci-vitse prezidenti Leyla Əliyevanın bu sahələri təbliğ etməsindən sonra dəyişikliyin olmasını hiss edirik. Son dövrlər gənclər arasında sağlam həyat tərzinə, xüsusilə də yoqaya maraq böyükdür. Bununla kifayətlənmək olmaz, çalışmalıyıq, hər fürsətdə bunu təbliğ edək. Bundan başqa, insanlar təbiəti sevməlidir, ekologiyanı qorumalıdır. Sağlamlıq həm də budur.

 

- Bəzən Bakıda və regionlarda yaşıllıqların məhv edilməsinin şahidi oluruq. Buna münasibətiniz necədir?

 

- Pisləyirəm, ağac kəsmək ən böyük cinayətdir. Yaşıllığı biznes maraqlarına qurban vermək olmaz. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyeva və ümumilikdə dövlət rəsmiləri yaşıllığın qorunmasına xüsusi diqqət ayırırlar, ölkədə ağacəkmə kampaniyaları həyata keçirilir. Bilirsiniz ki, Mehriban Əliyeva təşəbbüslə çıxış edib, 650 min ağac əkiləcək.  Çalışmalıyıq ki, yaşıl zonalar çox olsun, bu, həm də ekologiyanın təmizliyidir.

 

- Naqif müəllim, bu cür fikirlər də var ki, Azərbaycan siyasətinin siması qocalıb. Sizcə, vəziyyət necədir?

 

- Azərbaycan hökuməti daim islahatlar aparır. Prezident İlham Əliyev inqilabi addımlar atır. Həyata keçirilən islahatlarda kadr islahatlarına da xüsusi önəm verilir. Bilirsiniz ki, gənc kadrlar yüksək vəzifələrə təyin edilir, həmin kadrların xalq arasında müsbət imici var. Zaman yetişib, artıq məsul vəzifələrə gənclər gətirilir. Hökumət gəncləşdirmə siyasətini mərhələli şəkildə həyata keçirir. Prezident İlham Əliyev çox yaxşı bilir ki, kim nəyə qadirdir, kim hansı işin öhdəsindən daha yaxşı gələr... Dövlət başçısı konkret tələb qoyub ki, hər bir məmur xalqın yanında olmalıdır, vətəndaşların istək və arzularını yerinə yetirməlidir. Yəni, vətəndaş qəbul üçün hansısa günü gözləməməlidir... Görüntü xatirinə vətəndaş qəbulları keçirmək lazım deyil. Müxalifət düşərgəsinə gəldikdə, burada düşüncədə yaşlanmanın şahidi oluruq. Təəssüflər olsun ki, müxalifətin yalnız bir məqsədi var: Hakimiyyətə gəlmək. Bu çox yanlışdır, onlar xalqa xidmət etməklə hakimiyyətə gəlmək istəyində olmalıdırlar. Qanunlara da hörmət etməlidirlər, başqalarının hüquqlarını pozmamalıdırlar. Çalışmalıdırlar, həyata keçirdikləri siyasət müasir dövrün tələblərinə cavab versin.

 

- Milli Məclis yenilənməlidirmi?

 

- Deputatı xalq seçir. Milli Məclis təyinatlı orqan deyil. İcraedici orqanlara gənclər təyin edilir, amma Milli Məclisə isə deputatı xalq seçir. Seçkilərdə səsvermə hüququ olan istənilən şəxs namizədliyini irəli sürə bilər, yəni, burada yaş məhdudiyyəti yoxdur. Xalq yaşlını da seçə bilər, gənci də. Əsas məsələ odur ki, xalqın seçiminə hörmətlə yanaşaq.

 

- Növbəti paralamet seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

- Namizədliyimi 2015-ci ildə Yeni Azərbaycan Partiyası irəli sürüb. Partiya bu müddət ərzindəki fəaliyyətimi qənaətbəxş hesab edib, növbəti parlament seçkilərində namizədliyi irəli sürərsə, məmnuniyyətlə, seçkilərdə iştirak edərəm. Partiyama sadiqəm, qərar nə olacaqsa, ona uyğun addım atacağam.

 

- Gəncədə rəqibizin varmı?

 

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının regionda rəqibi yoxdur. Kimsə namizədliyini irəli sürə bilər, amma ciddi rəqib olacağını düşünmürəm. YAP elə güclü təşkilatdır ki, inanmıram bundan sonra hələ neçə illər ciddi rəqibimiz olsun.

 

Kənan HƏSƏNBƏYLİ

Tarix: 21 Noyabr 2019, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin