Paytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri təəssüf doğurur. Daha əvvəl də bu istiqamətdə bir çox müraciətlər və materiallar hazırlanıb. Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəblər arasında piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və.s) var.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
O bildirib ki, cəmiyyəti, eləcə də yol polisini narahat edən əsas məsələlərdən biri isə inzibati xəta və yol qəzaları zamanı sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının hadisəni izah edərkən “tələsirdim”, “görmədim” kimi ifadələr işlətməsidir: "Təəssüf ki, bir nəfərin tələsməsi özü də daxil olmaqla bir və ya bir neçə hərəkət iştirakçısının həyatına son qoya bilər. "Tələsirdik” və ya “bilmirdim” ifadəsini işlətmək çox rahat ola bilər, lakin qəza zamanı kiminsə həyatını itirdiyini düşünün. “Tələsirdim” deyib sürət həddini aşan sürücülər bədbəxt hadisə zamanı bunu kiminsə ailəsinə deyə bilərmi? Ya da həmin “tələsmək” ona öz canı bahasına başa gəlsə necə? Odur ki, bu hamımızı, yəni düşünən beyinləri ciddi şəkildə narahat edir. Sonrakı peşmançılığın fayda vermədiyi kimi, məsuliyyətsizliyin qurbanı olan hərəkət iştirakçıları da geri qayıtmır.
Bununla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici videoçarxlar hazırlanır, məlumatlar paylaşılır".