Baş Prokurorluq noyabrın 30-da Xızıda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqın nəticələri barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Aparılmış intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilmişdir ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiq edilmiş plana əsasən aparıcı müəyyən edilən, Dövlət Sərhəd Xidmətinin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri 30 noyabr 2021-ci il tarixdə saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxmış, onun ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlamışlar. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb.
Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilmiş digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilmişdir. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş edib.
Qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunmuş, müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxılmışdır. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılmışdır. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilmişdir. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilmişdir. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməyib.
Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib.
Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib.