Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), bir sıra alim və mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.
Pravda.az xəbər verir ki, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün çox əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.
Muşavirədə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, ağacları qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində Nazirlik tərəfindən bu gunə kimi 3000-dən çox bu xəstəliyə yoluxan ağacın kəsilməsi barədə rəy verilib. Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib.