Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rəsul Yusifbəyli müdafiə çıxışı edib.
O, cinayət işində adı çəkən digər şəxslərin məsuliyyətə cəlb edilmədiyini deyib: "İşdəki əsas şahid ittihama aid heç bir ifadə vermədi. O, Rasim Quliyevin barəsində irəli sürülən ittihamı nə təsdiq, nə də təkzib etdi".
Daha sonra R.Quliyevin digər vəkili Ədalət Mövlayev replika hüququndan istifadə edərək vəsatət qaldırıb.
O vəsatətində bildirib ki, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbov 2017-ci ilin oktyabrında əsasnaməni pozaraq R.Quliyevi icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair qeyri-qanuni sərəncam verib: "Bu da ziddir ki, yerli icra hakimiyyətinin başçılarının müavinlərini yalnız Prezident təyin edir. İstintaq orqanı isə qeyri-qanuni olaraq, Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Bu sərəncam sübut növü kimi sayıla bilməz. Xahiş edirik ki, bu, sübutlar siyahısından çıxarılsın".