“Bağçaların idarəçiliyinin Təhsil Nazirliyinə verilməsi Azərbaycan cəmiyyətində uzun müddətdir ki, müzakirə olunur. Biz təhsil və tərbiyə ilə Təhsil Nazirliyinin məşğul olduğunu nəzərə alaraq deyə bilərik ki, belə addımın atılması təqdirəlayiqdir. Bağçalarda təhsil və tərbiyə ilə məşğul olunur. Ona görə də bu, önəmli addımdır. Bu qərar bağçaların keyfiyyətli fəaliyyətinə müsbət təsir göstərəcək”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni qərarlar barədə danışarkən deyib.
"Qarabağ və Şərqi Zəngəzur təhsil idarələrinin yaradılması uğurlu islahatların davamıdır" - RƏY
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur təhsil idarələrinin yaradılması da uğurlu islahatların davamıdır: “Bu, onu göstərir ki, regionlar üzrə idarəçilik daha aktualdır. Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzur təhsil idarələrinin yaradılması Vətən müharibəsi qələbəsindən doğan zərurətdir. Belə regional bölmələrin təhsil idarələrinin yaradılması çevik qərarların verilməsinə töhfə verəcək. Biz rayonlar üzrə idarəçilikdən regionlar üzrə idarəçiliyə keçirik. Bu, xüsusi əhəmiyyətə malikdir. Siyasi qərar olmaqla yanaşı qələbəmizin güclənməsinə müsbət təsir göstərəcək. Biz Azərbaycanda təhsilin tərəqqisinə nail olacaq və qərarlar bu sahədə operativliyə, çevik idarəçiliyə töhfə verəcək”.
Nəzrin Cavid