“Akkord” tikinti şirkətinin Qazaxıstanda subpodratçısı olmuş Marat Unqarov ala bilmədiyini iddia etdiyi pullar üçün Azərbaycan hakimiyyətinə müraciət edib.
O, BBC News Azərbaycancaya deyib ki, 40 kilometrlik yol tikintisi üçün tender əldə etmiş Azərbaycan şirkəti “Spik Akkord” 2 ildir ki, onlara olan borcunu ödəmir. Axmetxan Timurbay oğlu da Akkorddan pulunu ala bilməyənlərdəndir. O, digər yoldaşlarından fərqli olaraq, əməyinin qarşılığını ala bilmədiyi üçün “Akkord”la yollarını daha tez ayırıb.
Akkord təkcə ölkə xaricində deyil, ölkə daxilində də subpodratçılara görülən işlərə görə pulları ödəməkdən yayınır. Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən “Akkord” Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib.
Bir qədər əvvəl bu əsnada Bakupost.az maraqlı yazı yaymışdı. Məlum olurdu ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi “Akkord” şirkəti “ən cəlbedici” təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb. Ancaq şirkətin işə başlayandan az sonra öz öhtenderdədəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün “Akkord” SHB, “Elit”, “United”, “Projekt Centr” kimi şirkətləri də subpodratçı kimi işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb.
Hazırda “Akkord” subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir.
Sayt məlumatlı mənbəyə istinadən yazıb ki, “Akkord” rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: “”Akkord" HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri - 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb".
Məlumata görə, “Akkord”un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir.
Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır.