“Təhsil sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin Sərəncamı ilə regional təhsil idarələrinin yaradılması həyata keçirilən proseslərin yekunu kimi qiymətləndirilməlidir. Burada xüsusilə Qarabağ və Şərqi Zəngəzur regional idarələrinin yaradılması alqışlanmalıdır. Həmçinin bir neçə il əvvəl icra hakimiyyətlərinə verilən uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təqdirəlayiqdir. Bu qərar, fikrimcə, uğurlu və yerində verilmiş qərardır, çünki icra hakimiyyətləri tərəfindən bağçalarda təminat işləri yaxşı həyata keçirilsə də, buna səy göstərilsə də, təhsil prosesində müəyyən axsamalar var idi”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, Azərbaycanda Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim-tərbiyə prosesi bağçalarda başqa formada həyata keçirilirdi: “Bu, ümumilikdə təhsilin növbəti pillələrində effektivliyi azaldırdı. İndi isə mərkəzdən idarəetmənin təşkili ilə proses tamamlanmış oldu. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən elektron təhsil prosesləri uşaq bağçalarında da tətbiq ediləcək. Nəticədə, müəyyən mübahisə və narahatlıqlar aradan qaldırılacaq. Misal üçün, valideynlər övladlarını istədikləri uşaq bağçalarına yazdıra və yerdəyişmələri asanlıqla həyata keçirə bilərlər. Təlim-tərbiyə və təhsil prosesi nəticədə öz səmərəliliyini artıracaq. Ümumilikdə hesab edirəm ki, yaxın illərdə 12 illik təhsil sisteminə keçid də bu vasitə ilə mümkün olacaq. Baş vermiş bu dəyişikliyə bağlı olaraq rüşvətxorluq və korrupsiyaya meyil də azalacaq. Məktəb direktorlarının səlahiyyətləri müəyyən dərəcədə artırılacaq, həmçinin muəllimlərin də əmək haqlarının artırılması ilə onların təlim və tədrisə daha məsuliyyətli yanaşması təmin edilmiş olacaq”.
Nəzrin Cavid