Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.
Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb. İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.