Ali Məhkəmə 2016-cı ildə həbs edilən və “Ağdam bandası” kimi tanınan dəstənin başçısı Murad Məmmədov barədə yekun qərar çıxarıb.
Onun barəsində verilmiş kassasiya şikayəti təmin olunmayıb.
Məhkəmədə məlum olub ki, M.Məmmədov 2005-ci ildən Rusiyada ayrı-ayrı şəxslərə qarşı basqın etmək məqsədi ilə silahlı qrup təşkil edib. Qruplaşma öz silahlarını Sankt-Peterburqda yerləşən "Ağdam" restoranında saxlayıb. Qrup üzvləri törədəcəkləri cinayətləri də məhz həmin restoranda planlaşdırıblar.
2007-ci il noyabrında Murad Məmmədov tərəfindən hazırlanan plana əsasən, “Ağdam bandası” Sankt-Peterburqda yaşayan azərbaycanlı iş adamı Qafar Kərimovun qızını öldürüb. Belə ki, M.Məmmədov ərzaq satışı şəbəkəsinin sahibi olan Q.Kərimova ona himayədarlıq etmək üçüb 10 000 rubl verməsini tələb edib. İş adamı buna etiraz etdiyindən banda əvvəlcə Qafar Kərimova məxsus "Mercedes" markalı maşını yandırıb.
Bundan sonra banda rəhbəri niyyətinin ciddi olduğunu göstərmək üçün Q.Kərimovun qızına qarşı da sui-qəsd təşkil edib. Banda üzvləri cinayəti planlayıb Rumiyə Kərimovanın evinin önünə gəliblər. Onlar R.Kərimovanın evdən çıxıb piyada hərəkət etdiyini görən kimi hücum edərək maşına oturdublar. Daha sonra atəş açaraq öldürüb yol kənarına atıblar.