Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə müxalifətin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirməsinə münasibət bildirib.
A.Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda müxalif fikirli insanlar təqib edilmirlər, təzyiqə məruz qalmırlar, başqa cür düşünməyə məcbur edilmirlər: “Onlar öz mövqelərini azad şəkil ortaya qoya bilərlər... Azərbaycan hüquqi dövlətdir. Bir qrup şəxsin Mərkəzi Seçki Komissiyasının qarşısında keçirdiyi aksiya razılaşdırılmayıb. Ona görə də polisin aksiyanın qarşısını almağa hüququ var. Seçkilərin nəticələrindən narazı qalanlar Mərkəzi Seçki Komissiyasına rəsmi şəkildə müraciət edə, öz fikirlərini mətbuat orqanlarında yaya bilərlər. Amma razılaşdırılmamış aksiyanın keçirilməsi qanunun pozulmasıdır. Onlar da bilməlidirlər ki, hüquq bir qrup üçün deyil, hamı üçündür”.