Bu gündən nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişib.
Pravda.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.
İndiyə qədər yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Artıq bu məsələ də qanunla tənzimlənəcək.
Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;