“Heç kimə sirr deyil ki, Ermənistanın arxasında duran güclər geri çəkilərsə, torpaqlarımız müharibə yoluyla qısa vaxtda azad olunar. Beynəlxalq sistemdə və diplomatik danışıqlarda Ermənistanın Azərbaycana qalib gəlməsi mümkün deyil. Çünki beynəlxalq sənədlər və qərarlar Azərbaycanın lehinədir”.
Pravda.az-ın xəbərinə görə, V çağırış Milli Məclisin deputatı Adil Əliyev deyib.
Beynəlxalq hüquq Ermənistanı haqlı tərəf kimi yox, işğalçı və təcavüzkar dövlət kimi tanıyır. Dünən bunu Münhen danışıqları da sübut etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın Münhen şəhərində baş tutan görüşdə Ermənistanın baş naziri Paşinyana tarix və beynəlxalq siyasət, hüquq dərsi keçdi. Paşinyan aciz vəziyyətdə idi. Valdaydan sonra Ermənistan ikinci zərbəni aldı. Münhendə Prezidentimiz tutarlı faktlarla baş naziri susdurdu.
Reallıq budur ki, istər danışıqlar, istərsə də lokal döyüşdə Ermənistanın Azərbaycana qalib gəlməsi mümkünsüzdür. Bu fikir beynəlxalq səviyyədə də qəbul olunur. Bu gün Azərbaycan ordusu torpaqları azad etmək gücünü özündə saxlayır və istənilən zaman ordumuz zəfər bayrağını Şuşada, Xankəndində sancmağa hazırdır. Necə ki Aprel döyüşləri və Günnüt əməliyyatı bunu sübut etdi” – A.Əliyev əlavə edib.
Qeyd edək ki, fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirilib. İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı bildirib ki, Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Bunlar “feyk” xəbərlərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir.