Mərkəzi Seçki Komissiyasının qarşısında baş verənləri diqqətlə izlədikdən sonra bəzi fikirlərimi Sizinlə bölüşürəm.
Ölkədə vəziyyət sürətlə dəyişir. Azərbaycan artıq 5 il demirəm, 5 ay əvvəlki Azərbaycan deyil. Bəri başdan onu bildirim ki, bu günkü aksiyanı məqsədinə çatmış sayıram.
- Bu tədbir tək REAL-ın sədri İlqar Məmmədovun yox, ayrı-ayrı deputatlığa namizədlərin, fəalların aksiyası idi.
- Ən başlıcası aksiyanın aparıcı qüvvəsi gənclər idi. Onlar hakimiyyətə göstərdilər ki, saxta keçirilən seçkiləri qəbul etmirlər və etməyəcəklər.
- Həm aksiya iştirakçılarının, həm də polisin davranışı bütün əvvəlki tədbirlərdən diqqəti cəlb edəcək dərəcədə fərqli idi. Bunu görmək üçün 19 Oktyabr icazəsiz mitinqi bu gün keçirilən mitinqlə müqayisə etmək kifayətdir. Əgər 19 Oktyabrda iştirakçıların, polislərin davranışlarına, sifətlərinə fikir versəniz görərdiniz ki, keçən dəfə həm davranışlardan, həm də sifətlərindəki mimikalardan sanki düşmənlərin qarşı-qarşıya gəldiyi hiss olunurdu. Bu mitinqdə isə rəqiblərin münasibətini gördüm. Biz ancaq bir-birimizə düşmən yox, rəqib kimi davaranacığımız təqdirdə uğur qazanacağıq.
- 19 Oktyabr tədbiri sanki son döyüş idisə, bu günkü tədbiri başlanğıc kimi gördüm. İştirakçıların zarafatları, davranışları, ifadələri, şüarları bu tədbirlərin davamının olacağını və iştirakçıların sayının artacağını göstərdi.
- 19 Oktyabr mitinqində gördüyüm polis özbaşnalığınından, qəddarlığınından əsar-əlamət yox idi. Deməli günah icraçı polisdə deyil, ona əmr verənlərdədir.
- Tədbirdə yaşanan bir neçə gərgin hal ancaq ənənəvi müxalifətin nümayəndələrinin iştirakı ilə oldu. Köhnə mitinqçilərin bu tədbirdə iştirakı bir daha göstərdi ki, onların əsas məqsədi qarşıdurmadan qaçmaq yox, əksinə onu yaratmaqdır. Ona görə də tədbir iştirakçıları onların hərəkətlərinə, şüarlarına dəstək vermədilər.
- Tədbir göstərdi ki, yeni hərəkatın yaranması qaçılmazdır və bunu bu günə qədər siyasi səhnədə tanınmayanlar yaradacaq. Yeni yaranacaq hərəkatın uğurlu olması köhnələrin orada iştirakından asılı olacaq. Köhnələr nə qədər az olsalar yeni hərəkatın uğuru da o qədər tez olacaq.