Tam səmimi deyirəm, elə çətin məqamlar olur ki, orda Prezidenti müdafiə etməsən, onun idealoji-siyasi xəttinə söykənməsən, bir dəqiqənin içində səni məhv edərlər. Mənim üçün Prezidentə söykənmək, ondan kömək istəmək yaltaqlıq deyil, cəmiyyət də bunu anlamalıdır. Məsələn, sən Prezidentin iradəsinə söykənməsən, Çingiz Qənizadə ilə mübarizə apara bilməzsən, onun "qalib" gəldiyi dairənin ləğvi üçün çalışa bilməzsən. Mən tədbirlər keçirirdim, inanın, məni məhv etmək istəyən adamların ən birinci arzusu o idi ki, mən Prezidentin əleyhinə nəsə danışım. Mən də danışmırdım, qanları qaralırdı, dəli olurdular. Mən yaltaq adam deyiləm, tanıyanlar bilir. Amma vallah, billah, Prezidentə söykənməsən, bu şərəfsizlərlə döyüşmək, vuruşmaq mümkün deyil. Prezidentə söykənmək özünü şərəfsizlərdən, əxlaqsızlardan qorumaq yoludur. Fikir verin, bir halda ki, məsələn, Hadı Rəcəbli istəyə ki, sən Prezidentin əleyhinə danışasan, onu niyə edəsən? Kütləyə də etibar yoxdur. Heç demokratik seçki tərəfdarı da deyiləm. Mümkün deyil. Tutaq ki, ölkədə demokratik seçki keçirilir. Düşmən dövlətlərin hərəsi 10-15 agentinə 5 milyon pul verəcək ki, get camaata payla, ol deputat, parlamentdə təmsil olun. Yaxud, istənilən bir meyxanaçı hər kənddə bir qafiyə açacaq, camaat da ona səs verəcək. A kişi, bələdiyyə seçkilərində əlil arabasında lal bir seyid namizədlik vermişdi, 17 min adam səs vermişdi ona. Seyid də danışa bilmir, yazı yaza bilmir. Demokratiyanın belə problemləri var. Kimlərsə də deyə bilər ki, bu xalqı Heydər Əliyev, İlham Əliyev bu günə qoyub. Vallah, onlar eləməyib. Mirzə Cəlilin vaxtında Heydər Əliyev, İlham Əliyev vardı? Həmin xalqdır. Həmin Şeyx Nəsrullahlardır, həmin Məhəmmədhəsən əmilər, həmin Xudayar bəylər, Zeynəblərdir. Mirzə Cəlili hönkürdüb ağladan, dəli eləyən, ürəyin partladan xalqdır. Amansız bir cəmiyyətdə yaşayırıq. Hamıdan şübhələnirəm, hamıdan qorxuram.
Deputatlığa namizəd: “Vallah, Prezidentə söykənməsən, bu şərəfsizlərlə döyüşmək mümkün deyil”
Nəticələri ləğv edilən İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuş, yazıçı Kəramət Böyükçöl (Nəcəfov)