Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
MŞ-dən verilən xəbərə görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın “Gündemxeber.az” saytına qarşı şikayətini araşdırıb. Sayt təmsilçisi bildirib ki, narazılığı nəzərə alaraq Mehriban Zeynalovanın mövqeyi saytda yerləşdirilib. Bununla da məsələ öz həllini tapıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədovun “Aktualxeber.az” saytına qarşı şikayəti araşdırılarkən bəlli olub ki, “Aktualxeber.az” saytında Azərbaycan Dövlət Aqrar Universiteti haqqında qısa müddət ərzində yeddi material dərc edilib. Materialların heç birində qarşı tərəfin rəyi öyrənilməyib, ittihamedici bilgilərin dəqiqləşdirilməsinə təşəbbüs göstərilməyib. Qarşı tərəfin öz mövqeyini ifadə etmək üçün göstərdiyi təşəbbüslər, sayt redaksiyasına edilən müraciətlər də cavabsız qalıb. Beləliklə, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) birinci və ikinci prinsipləri pozulub. Komissiya müəyyən edib ki, “Aktualxeber.az” saytında dərc edilən materiallar AJPDQ ilə yanaşı, Azərbaycan qanunlarının da pozulması ilə müşaiyət olunur. MŞ adından sayta ciddi xəbərdarlıq edilib. Media orqanına qarşı tərəfin öz mövqeyini ifadə etməsi üçün şərait yaradılması tövsiyə edilib.