Son günlər sosial şəbəkələrdə Azərbaycan banklarının xarici mərc saytlarına pul köçürülməsi və uduşları qəbul etməyi dayandırdığı haqda məlumatlar yayılır. Bununla bağlı banklar öz müştərilərinə xəbərdarlıq SMS-ləri də göndərirlər.
Sözügedən məhdudiyyət hələ ötən ilin sonunda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə qumar oyunları ilə bağlı bir sıra dəyişikliklər edilməsi ilə bağlıdır. Belə ki, həmin dəyişikliklər bu ilin yanvarın 1-dən tətbiq edilməyə başlayıb. Ölkədə fəaliyyət göstərən banklar tərəfindən qumar və mərc oyunları üzrə Azərbaycanda keçirilən qanuni lotereya və mərc oyunları istisna olmaqla, bank əməliyyatlarının aparılmasının qadağan olunması barədə məsələ sosial şəbəkələrdə geniş yayılmağa başlayıb.
Məcəlləyə edilmiş dəyişikliklərə əsasən, qumar və mərc oyunları üzrə xaricdə bank əməliyyatlarının aparılması qadağan olunub. Belə ki, dayandırılan əməliyyat növlərinə ölkəxarici qumar/mərc oyunlarında iştirak üçün ödənişlərin/köçürmələrin aparılması şamil olunur. Bu qadağa həm onlayn saytlar vasitəsilə aparılan əməliyyatlara, həm də kartın fiziki iştirakı ilə keçən əməliyyatlara aid edilir.
Həmçinin mərc oyunlarından gələn uduşların qəbul olunması və bununla əlaqədar müvafiq ödəniş tapşırıqlarının icrası, mərc oyunlarından gələn mükafat və digər köçürmələrin qəbulu da bu kateqoriyaya daxildir.
Məcəllənin 401-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə müvafiq maliyyə sanksiyaları da nəzərdə tutulub.
Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək.
.jpg)