Artıq Azərbaycandan xaricdə oynanılan mərc oyunlarına pul qoymaq mümkün olmayacaq. Çünki, yerli banklar buna görə məhdudiyyət tətbiq edəcək. Ölkə daxilində də mərc oyunları təşkil edənlərin cəzası ağırlaşdırılır. Yeni dəyişikliklərə əsasən həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Xarici mərc saytlarına pul köçürülməsi və uduşların qəbulu qadağan edilib. Bu qadağa İnzibati Xətalar Məcəlləsində ölkə xaricində təşkil olunan mərc oyunları ilə əlaqədar edilmiş dəyişikliklə mümkün olub. Dəyişikliyə əsasən, banklara məxsus kartlara bəzi əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq edilib. Ölkəxarici mərc oyunları saytlarında qeydiyyat üçün ödənişlərin aparılması, uduşların və pul vəsaitlərinin qəbulu, həmçinin uduş-mükafat və digər gəlirlərin verilməsi qadağan edilib.
İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, dəyişikliklər kibercinayətkarlıqla mübarizədə də effektiv olacaq. Bir çox hallarda vətəndaşların bank kartlarından oğurlanan vəsaitlər xarici mərc oyunlarına yönləndirilirdi. Artıq bu dəyişikliklə belə halların da qarşısı alınacaq.