Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Yanvarın 18-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prosesinə jurnalistlər yenə də buraxılmayıb. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığını açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.
Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir.
Ötən gün keçirilən prosesdə zərərçəkmişlərdən Sərdar Əhməd oğlu İsmayılov sərbəst ifadəsini davam etdirməsi üçün şərait yaradılmasını istəyib.
Sərdar İsmayılov deyib ki, tanışı Orxan Elman oğlu Abdullayevlə birlikdə 2013-cü ilin mart ayında Çin Xalq Respublikasından Gürcüstan Respublikasında satmaq üçün skotç və pirotexnik mallara aid fişənglər gətiriblər. Lakin həmin malların Gürcüstan Respublikasında satışında problemlər olub. Buna görə də həmin malları Azərbaycana gətirib satmağı düşünüblər:
- Məsləhətləşmələr apardıq, tanışları işə cəlb etdik. Məlum oldu ki, pirotexnika mallarının Azərbaycana gətirilməsi qadağandır. Ona görə də pirotexnik malların tam həcmdə satışında heç bir məhdudiyyət və qadağa qoyulmayan İran İslam Respublikasına aparıb orada satmaq qərarı verdik. Bu məqsədlə həmin malları Gürcüstanda yerli gömrük orqanında Azərbaycan ərazisindən tranzit yolla keçməklə İrana aparılması barədə tam gömrük sənədləşəməsi aparıldı. Satmaq üçün Gürcüstana gətirdiyimiz pirotexnik mallar xüsusi nəzarət altında olan mallar sinfinə aid olunub. Buna görə də mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük orqanının əməkdaşları tərəfindən müşayət altına alındı və gömrükçülərin nəzarəti altında 7 sentyabr 2013-cü il tarixdə Astara gömrük postuna yola salındı.
“Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur”
Lakin mallar Qazax ərazisində MTN-in əməliyyatçıları tərəfindən saxlanldı. Malı müşayət edən gömrükçülər malın nəzarətləri altında olduğunu dedilər. MTN-çilər isə israr edirdilər ki, guya malların içində qaçaqmal var. Mallarımızın olduğu maşın MTN-çilər tərəfindən əvvəlcə zorla Qazax ərazisindəki dayanacağa aparıldı. Orada mallar tam qanunsuz olaraq maşından yerə boşaldılıb gömrükçülərin nəzarəti altında sayıldı. Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur və rəsmi gömrük sənədlərində göstərilən mallarla sayılan malların sayı eynidir. MTN-çilər isə sakitləşmədilər. Zorla, gömrükçülərlə az qala əlbəyaxa olmaqla mallımızı Bakıya gətirdilər.
“Qara günlərimiz başladı”
Bizə qarşı böyük cinayət törədilib. Pirotexnik mallar Bakıya gələndən sonra bizləri də tutub MTN-ə gətirmişdilər. 3 gün saxlayandan sonra Mövlam Şıxəliyevin vəsatəti, o dövrdə baş prokurorun 1-ci müavini olan Rüstəm Usubovun təqdimatı ilə Səbayel Rayon Məhkəməsi barəmizdə 3 aylıq həbs qəti-imkan tədbiri seçdi. Qara günlərimiz başladı.
“Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz”
Biz həbsdə olduğumuz dövrdə bu gün burada özünü təmizə çıxarmağa çalışan Mövlam Şıxəliyev öz imzası ilə Azərbaycan Respublikası Gömrük Komitəsinə bir sorğu yazmışdı. Bizə məxsus malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdilər. O zaman Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevin sorğusuna cavab yazmışdı. Əsgər Abdullayev 25 sentyabr 2013-cü il tarixli 100-13/03-22 09046№ li məktubunda Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz, Azərbaycan dövlətinin qoşulduğu yük daşımaları haqda beynəlxalq daşımalara qanunsuz olaraq müdaxilə etmisiz. Bununla bilərəkdən, qəsdən cinayət törətmisiniz!
Əsgər Abdullayev, Allah onun övladlarını qorusun, məktubunun davamında yazırdı ki, Qazaxa göndərilən MTN-çilər özbaşınalıq edib qanunlara saymazyana yanaşıblar. Bunun qarşısı gömrükçülər tərəfindən alınıb!
“Gömrük Komitəsinin sədr müavini Azərbaycan dilində yazmışdı”
Zərərçəkən məhkəmənin diqqətinə çatdırıb ki, o zaman Mövlam Şıxəliyev Əsgər Abdullayevin məktubunu alandan sonra onları həbsdə saxlamaq üçün hər hansı bir əsas qalmayıb:
-Hörmətli hakim, buna baxmayaraq bizə qarşı qanunsuzluq bu məktubdan sonra da davam etdirilib. Bizləri qanunsuz həbsdən azad etməyiblər.
Halbuki bu məktubu sıravi bir insan yox, Gömrük Komitəsinin sədr müavini Azərbaycan dilində yazmışdı. Mən bu məktub haqda həbsdən sonra bildim. Bizə qarşı cinayətin miqyası məni dəhşətə gətirmişdi.
“Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb”
Mənimlə Orxan Elman oğlu Abdullayevə qarşı Cinayət Məcəlləsinin(CM) qanunsuz sahibkarlıq (29,192.2.2.) və qaçaqmalçılıq (206.3.2.) maddələri ilə istintaqı qanunsuz olaraq davam etdirdilər. Elman Abid oğlu Məsimovu, Məcid Məhəmmədəliyeviç Anqubazovu, Əfsəl Xanlar oğlu Həsənəliyevi və Cahangir İbrahim oğlu Məmmədovu da CM-in qaçaqmalçılıq (206.3.2.) maddəsi ilə heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün bizim hamımızın barəsində həbs qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasında birbaşa şərait yaradıblar.
“Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı”
Bu gün, bu məhkəmə salonunda boynumdan qucaqlayan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı. Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışan bizlərə gülürdülər. Bu adam telefon danışıqlarımızın özünə sərf etdiyi hissələrini bizə dinlətdirirdi. Deyəndə ki, 1 dəqiqəlik danışığa tam qulaq asıb söhbətin nədən getdiyini aydınlaşdıraq, buna imkan vermirdi. Yasin Məmmədovun bircə tələbi vardı – pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən!
“Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar”
Mən 12 yaşından atasız böyümüşəm. Ailəmin – anam, bacım və qardaşımın gündəlik xərcləri 12 yaşımdan mənim üzərimdə olub. Çox çətin günlər görmüşəm. O illərdə ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Burada gecə-gündüz, soyuq, isti bilmədən işləyib ailəmə şərait qurmağa çalışdım. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticari əlaqələr qurdum. Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Bu gün müttəhimlər kürsüsündə əyləşənlər belə də ediblər.
“Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıb”
İstintaq zamanı bizə sonsuz təzyiqlər göstərirdilər. Hətta mənim telefonumun kitabçasında adları olanları çağırıb incidiblər. Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıb. Yasin Məmmədov məndən 50 min dollar, üstəlik 2 min manat, Orxan Elman oğlu Abdullayevdən 50 min manat, Əfsəl Xanlar oğlu Həsənəliyevdən 32 min manat, Cahangir İbrahim oğlundan Məmmədov isə 80 min manat pul aldılar.