Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 18 yanvar tarixində DSX Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə etmişdir. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlamasını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb.