Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində test imtahanı keçirilib.
Mərkəzdən verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunub. İmtahanda 478 namizədin iştirakı gözlənilirdi. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.