Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımının tanınması istiqamətində ciddi addımlar atılıb. İndiyə qədər Pakistan, İordaniya, Sudan, Qvatemala, Çexiya, Meksika, Panama, Peru, Rumıniya, Şotlandiya, eləcə də ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər. Rəsmi Bakının XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyəti hazırda da davam edir.
Bu il Ukrayna Ali Radasında Xocalı soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir. Həyata keçirilən işlər nəticəsində Ali Radada soyqırımı ilə bağlı qanun layihəsinin qəbul edilmək ehtimalını da artırır. Daha doğrusu, dünənə qədər bu gözlənti yüksək idi və dövlətin bu istiqamətdə həyata keçirdiyi strategiya addım-addım həyata keçirdi.
Bəs nə baş verdi?
"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov bir neçə gün əvvəl açıqlama yayaraq, bəyan etdi ki, “Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir”.
Bir diaspor rəhbərinin bu informasiyanı açıqlamasında təəccüblü heç nə görünməyə bilər, lakin məsələnin həssaslığını və diplomatiyanın incəliklərini nəzərə alanda Hikmət Cavadovun nə qədər ciddi səhvə yol verdiyini anlamaq çətin deyil.
Hikmət Cavadov bu informasiyanı yaymaqla gündəmə gəldi və dolayısı ilə bunu Ukraynadakı diasporumuzun uğuru (həm də şəxsi uğuru) kimi göstərməyə çalışır. Hərçənd ki, bu dövlətin, şəxsən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyadır. İndiyə qədər Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması da məhz bu strategiya əsasında mümkün olub.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyədə inkişaf edir. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin dekabrında regionda Ermənistana yox, məhz Azərbaycana səfər etməsi də bunun əyani sübutudur. Bu günlərdə keçirilən Münhen Təhlükəsizlik Konfransında Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko və Prezident İlham Əliyev arasındakı isti münasibət isə rəsmi Bakının Kiyevlə uzumüddətli əməkdaşlığından xəbər verir.
Göründüyü kimi, Prezident İlham Əliyev düşünülmüş strategiya ilə Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində əzmlə çalışır, onu daha da inkişaf etdirir. Xocalı soyqırımının Ali Radada müzakirəyə çıxarılacağı məsələsi də məhz bu strategiyanın bəhrəsidir.
Hərçənd ki, Hikmət Cavadov təkcə dövlətin uzunmüddətli strategiyasını öz ucuz reklamında istifadə etmir, həm də bu strategiyanı şəxsi ambisiyaları naminə qurban verir. Məsələ qarşı tərəfə – ermənilərə “pas ötürməkdən” (bilərəkdən, yaxud bilməyərəkdən) gedir.
Ukrayna erməni diasporunun aktiv işlədiyi ölkələrdən biridir. Bu gün Ali Radada erməni əsilli deputatların sayı kifayət qədər çoxdur, ancaq bir nəfər belə azərbaycanlı təmsil oluna bilmir. Bununla yanaşı, soyadı fərqli olsa da etnik erməni olanlar, o cümlədən, ermənipərəstlər də var. Ən əsası isə Ukraynanın daxili işlər naziri olan erməni əsilli Arsen Avakov amili danılmaz faktdır. Arsen Avakov Maydandan sonra Ukraynada təkcə nazir kimi yox, həm də oliqarx kimi kifayət qədər güclənib. Onun hətta silahlı dəstələri, o cümlədən, Ali Radada dəstəklədiyi deputat qrupu var.
Bütün bunları bilə-bilə Ali Radada Xocalı soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılacağı planının öncədən ictimaiyyətə açıqlanması erməni şəbəkəsinin “xəbərdar” edilməsi, onların da əks-addımlar atmasına şəraitin yaradılması deməkdir. Adətən diplomatiyada belə həssas məsələlər son ana qədər gizli saxlanılır, ya nəticə əldə ediləndə, ya da məsələ müzakirəyə çıxarılanda ictimaiyyətə məlumat verilir. Çünki dostlarımız qədər düşmənlərimiz də var. Ukraynada isə bizə düşmən olan ermənilər kifayət qədərdir.