Yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.
Sədr müavini Milli Məclisin 2021-cı ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı diqqətə çatdırıb.
Sonra komitənin 2021-ci ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Qüdrət Həsənquliyev bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik (birinci oxunuş) edilməsi barədə qanun layihələridir.
Sənəd barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov diqqətə çatdırıb ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma va parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.