Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Azərbaycanda din sahəsində vəziyyət stabildir” - RƏY

904
Paylaş:
“Azərbaycanda din sahəsində vəziyyət stabildir” -           RƏY

Müasir dövrdə tolerantlıq həyatın vacib prinsipi hesab edilir. Azərbaycan bu prinsiplərə əsrlərdir ki, sadiqdir və müxtəlif dinlərin nümayəndələrinin əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Ölkədə tolerantlıq mühiti getdikcə genişlənir və inkişaf edir. Azərbaycan din və məzhəb zəminində qarşıdurma yaşamayan nadir ölkələrdəndir. Bunu dövlət tərəfindən bütün dinlərin nümayəndələrinə eyni səviyyədə göstərilən diqqət və qayğı ilə əlaqələndirmək olar.

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri hesab edilir:

“Müxtəlif dinlərin nümayəndələri ölkədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Dövlət dinlərarası münasibətlərin tənzimlənməsi üçün davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir, həm islam, həm də qeyri-islam icmalarına maliyyə yardımları ayırır. Yəni, Azərbaycanda dövlətin diqqət və qayğısından yalnız müsəlmanlar deyil, bütün dinlərin nümayəndələri yararlanır. Dini ibadət yerləri də daim dövlət nəzarətindədir. Yalnız məscidlər deyil, həm də xristian kilsələri və yəhudi sinaqoqları da dövlət tərəfindən təmir və bərpa edilir. Misal üçün, 2011-ci ildə Bakının mərkəzində sinaqoq inşa edilib və yəhudi vətəndaşların istifadəsinə verilib. Bundan başqa, paytaxtda erməni kilsəsi dövlət tərəfindən daim mühafizə edilir. Həmin kilsədə erməni dilində 5 min ədəbiyyat nümunəsi qorunub saxlanılır. Eyni zamanda, dövlət icmalarla görüşlər keçirir, dini bayramlarda Prezident İlham Əliyev müvafiq dinlərin nümayəndələrini təbrik edir. Qeyd etmək lazımdır ki, dövlət son illərdə respublikada yüzlərlə məscidi təmir etdirib. Şuşada, həmçinin işğaldan azad edilmiş digər ərazilərdə də dini abidələrin qorunması, eləcə də tolerantlığın inkişafı uğurla həyata keçirilir. Bu, bir daha sübut edir ki, ölkədə tolerantlığın inkişafı dövlətin xüsusi diqqətindədir”.

Parlament üzvü Azər Badamovun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin və etnik azlıqların nümayəndələri bir-birinə hörmətlə yanaşırlar.

O qeyd edib ki, ölkədə dini və milli tolerantlıq yüksək səviyyədə inkişaf edir, dini sahədə vəziyyət çox müsbətdir: “Azərbaycan dövləti yalnız dini radikalizmin inkişafına qarşı mübarizə aparır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdəki dini və etnik müxtəliflik bizim milli sərvətimizdir. Konstitusiyamızda da dini - etiqad azadlığının təmin olunması, bütün vətəndaşların etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlu olması təsbit edilib. Ölkədəki tolerant münasibət dünya üçün nümunədir. Azərbaycan tolerantlıq və multikulturalizm siyasətini davam etdirir və Bakıda Qlobal Humanitar Forumlar keçirməklə dünyaya bu istiqamətdə çağırışlar edir. Dünyanın bir çox ölkələrində bu istiqamətdə diskriminasiya və ayrı-seçkiliyin olduğunu müşahidə edirik. Hətta demokratiyanın beşiyi sayılan Fransada və bir çox Qərb ölkələrində məscidlərin qabağında donuz kəllələrinin asıldığını, başı örtüklü müsəlman qadınlarının diskriminasiyaya məruz qaldıqlarını və hətta məscidlərdə müsəlmanların ibadət etməsinə manelər yaradıldığının da şahidiyik. Ermənistanda isə ümumiyyətlə İslam dininə mənsub olan bütün ibadət yerləri dağıdılıb, müsəlmanların qəbirləri vandalizmə məruz qalıb. Ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları dövrdə bu ərazilərdə olan 65 məscidi darmadağın edib, digər iki məsciddə isə donuz saxlamaqla İslam dinini təhqir ediblər”.

Deputat, həmçinin vurğulayıb ki, Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən xristianların kilsələri və yəhudilərin sinaqoqları dövlət tərəfindən bərpa olunaraq dini xadimlərin azad şəkildə ibadət etməsinə şərait yaradılıb: “Azərbaycan ermənilərdən fərqli olaraq torpaqları işğaldan azad etdikdən sonra da həmin ərazilərdə yerləşən kilsələri və dini inanc yerlərini qoruyur və hətta bərpası istiqamətində işlər görürlər. Qısacası, ölkədə din sahəsindəki vəziyyət stabil və müsbətdir”.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə qeyd edib ki, ölkədə tolerantlıq ənənələri həm xalq, həm də dövlət tərəfindən qorunur:

“Heç kimə sirr deyil ki, Azərbaycan dünyaya nümunə ola biləcək tolerant ölkədir. Azərbaycan tarixi tolerantlıq ənənələrinə malikdir. Ölkədə dinlərarası və məzhəblərarası münasibətlər tolerantlıqdan da üstün səviyyədədir, çünki tolerantlıq dözümlülük deməkdir. Nəzərə almaq lazımdır ki, insan yalnız sevmədiyi nəyəsə dözməyə məcbur qalır. Azərbaycanda isə dinlərarası münasibətin səviyyəsi elədir ki, bir dinin təmsilçisinin digər dinin təmsilçisinə dözməyə ehtiyacı yoxdur. Yəni, münasibətlər tolerantlıq anlayışından da səmimidir. Ölkəmizdə mütəmadi olaraq tolerantlığa, dini mövzulara həsr edilmiş müxtəlif beynəlxalq tədbirlər keçirilir. Belə mərasimlərdə xaricdən gələn qonaqlar heyrətlərini gizlətmirlər. Onlar Azərbaycanda kilsələrin və sinaqoqların da dövlət hesabına təmir edildiyinə, müxtəlif dini konfenssiyalara aid din xadimlərinin eyni tədbirlərdə iştirakına yaxşı mənada təəccüblənirlər. Ölkədə, doğrudan da, müxtəlif din nümayəndələri arasında heç bir xoşagəlməz hal yaşanmır. İkinci Qarabağ Müharibəsi də sübut etdi ki, ölkədəki bütün din təmsilçiləri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dövlətimizi dəstəklədilər, Azərbaycanın haqq işində dövlətimizin yanında oldular. Bütün bunlar Azərbaycanın nailiyyətidir və bugünkü dövrdə olduqca əhəmiyyətlidir, çünki hazırda dünya ölkələrində dini zəmində baş verən münaqişələrin sayı artmaqdadır. Şahidi oluruq ki, bəzi dövlətlərin suverenliyinə din vasitəsilə qəsd edilir, sabitlik pozulur. Azərbaycanda isə bunun üçün heç bir əsas yoxdur”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

Nəzrin Cavid

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Paylaş:

Ən son xəbərlər