Azərkosmos yeni peyklər hazırlayacaqmı?
Yeni telekommunikasiya peykləri buraxılmasa 30 ölkə ilə bağlanan müqavilələrin taleyi necə olacaq ?
Azərkosmos nəhayət ki, televiziya kanallarının peyk üzərindən yayımını HD formata keçirib.
Gecikmiş olsa da, faydalıdır.
Yeri gəlmişkən, HD formata keçidlə bağlı bu gün efirdə yaranan problem onu göstərir ki, səlahiyyətli qurumlar, xüsusilə də MTRŞ, Teleradio Birliyi bu prosesə zamanında hazırlaşmayıblar.
Düşünürəm ki, bu sahədə ciddi risklər hələ qarşıdakı mərhələdədir. Hansı ki, hələlik nə Azərkosmos, nə RİNN, nə də efirin tənzimləyici qurumu olan MTRŞ bu haqda bir açıqlama verməyiblər.
Məsələ ondadır ki, Azərkosmos qarşıdakı illərdə yalnız yerin optik müşahidə peyklərinin hazırlanması üzərində çalışdıqlarını açıqlayıb. Buradan belə qənaətə gəlmək olar ki , telekommunikasiya peykləri artıq Azərkosmos üçün prioritet deyil.
Əslində dünyada da klassik tipli, yüz milyonlarla dəyəri olan, böyük ölçüdə peyklər dövrü arxada qalıb.
İndi göy üzü adi gözlə görünən kiçik ölçülü, qiyməti cəmi bir neçə milyon olan peyklərlə dolub. Hətta peyklərin çoxluğu ilə bağlı BMT-yə şikayətər yaranıb.
Belə olan halda Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan, müharibə zamanı AzerSky vasitəsilə əldə olunan informasiyalar hesabına xeyli əhəmiyyətli rol oynayan və bizə xeyli üstünlük yaradan Azərkosmos hansı addımları atacaq?
Hiss olunur ki, qurum axtarışdadır. Müxtəlif ölkələrlə və şirkətlərlə iş birlikləri də qurur.
Əgər telekommunikasiya peykləri buraxılmayacaqsa, onda Azerspace-1 və Azerspace-2 üzərindən yayımlanan yerli və xarici TV kanallar necə olacaq?