Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.