Ölkədə davamlı olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri də regionların inkişafı ilə bağlıdır. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da inkişafı təmin edərək ölkədə yoxsulluq səviyyəsinin azaldılmasıda mühüm rol oynayıb.
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev deyib ki, hazırda regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramı icra edilir.

Parlament üzvü qeyd edib ki, həmin proqramların həyata keçirilməsi regionların mədəni simasının tamamilə dəyişməsinə, iqtisadi inkişafa zəmin yaradıb: “İlk icra edilən dövlət proqramlarının icrası ilə bir sıra problemlər aradan qaldırılıb. Ölkədə 97 faiz qazlaşdırma reallaşdırılıb, işıq problemi yoxdur, regionlarda yol infrastruktur layihələrinin reallaşdırılması sahəsində ciddi tədbirlər görülüb. Bu gün rayonların, demək olar ki, əksər kəndlərində yollara asvalt çəkilib, su probleminin aradan qaldırılması üçün mühüm tədbirlər görülüb. Bu gün hələ də qalmaqda olan müəyyən problemlərin həlli üçün də tədbirlər görülür, xüsusilə də əkin suyuna olan tələbat tam ödənilməyib. Bununla bağlı da ciddi tədbirlər həyata keçirilir, müəyyən su anbarları tikilir, quyular qazılır. Bütün bunların həyata keçirilməsi yerlərdə regionların inkişafına təkan verir, işsizliyin aradan qaldırılmasına zəmin yaradır. Ölkədə, həmçinin aqrar sektorun inkişafında da ciddi irəliləyiş müşahidə edilir. Bu, məşğulluğun aradan qaldırılması üçün çox vacibdir. Ümumiyyətlə dördüncü dövlət proqramı çox mühüm məsələləri əhatə edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə problemlərin həlli qarşıda duran başlıca vəzifələrdəndir. Həmin ərazilərdə beynəlxalq hava limanları tikilir, tunellər çəkilir, Şuşaya qədər yol bərpa edilib, çoxsaylı stansiya və yarımstansiyalar inşa edilir, “ağıllı kənd” layihəsi üzərində işlər davam etdirilir. Bütün bunlar insanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmış proqramlardır. Həmin proqramların icrası milyardlarla vəsait tələb edir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün də elə 2.2 milyard manat vəsait ayrılıb. Sözsüz ki, əlavə sərmayədarların da cəlb edilməsi üçün ciddi işlər görülür. Bütün bunlar sosial çətinliklərin qarşısını almaq və həll etmək üçün həyata keçirilir. Belə uğurlu layihələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və regionların simasının dəyişdirilməsinə xidmət edir. Bundan başqa, dövlətin xüsusi proqramları da var. Həmin proqramlar xüsusilə aztəminatlı ailələrin, Vətən müharibəsindən sonra da şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənib. Bu, Azərbaycan vətəndaşına Prezident İlham Əliyevin xüsusi qayğı diqqət və qayğısının nümunəsidir. Burada başlıca məqsəd insan amili, insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Əgər regionlar sürətlə inkişaf edərsə, sözsüz ki, ümumi cəmiyyətin də həyat tərzinin yaxşılaşmasına təsir göstərəcək”.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, regionlarda sosial-iqtisadi inkişafın təmin olunması üçün 2004-cü ildən başlayaraq davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir:

Hazırda isə 2022-2026-cı illər üzrə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi ilə bağlı dövlət proqramı hazırlanır. Yəqin ki, yaxın vaxtlarda proses yekunlaşacaq. Təkcə 2004-2018-ci illərdə belə proqramların nəticəsi olaraq ümumi daxili məhsul 3.3 dəfə artıb. Bu, 330 faiz artım deməkdir. Kənd təsərrüfatında 1.7 dəfə, qeyri-neft sektoru üzrə hissə 2.8 dəfə, sənaye sahəsində isə 3 dəfəyə yaxın artım müşahidə edilib. Bu faktorlar göstərir ki, regionların sosial-iqtisadi inkişafı üçün, doğrudan da, davamlı olaraq mühüm işlər həyata keçirilir. Əlbəttə ki, bu, təkcə dövlət proqramlarının icrasından deyil, regionların idarə edilməsində ortaya qoyulan yeni yanaşmaların tətbiqindən də asılıdır. İşğaldan azad edilmiş ərazilərdə artıq müvəqqəti idarəetmə sistemi yaradılıb, həmçinin iqtisadi rayonların yeni bölgüsü aparılıb. Yeni konfiqurasiyada 14 iqtisadi rayon təşkil edilib. Hesab edirəm ki, idarəçilikdə peşəkarlığın artırılması məqsədilə regionların idarəçiliyinin inzibati rayonlar üzrə deyil, iqtisadi rayonlar üzrə aparılması daha məqsədəuyğundur. Bu, həmçinin sosial-iqtisadi inkişafa daha çox töhfə verəcək. Regionların iqtisadi inkişafı istiqamətində atılan addımlar siyahısına müxtəlif qurumların birləşdirilməsi və yaxud da yenilərinin yaradılması, regionlarda turizmin inkişafına dair fəaliyyətin həyata keçirilməsi, eləcə də sahibkarlığın inkişafına dəstək verəcək ciddi qurumların fəaliyyətinin təkmilləşdirilməsi də daxildir”.

