"Dinə inanmaq, ibadət etmək bəndə ilə Tanrı arasında ünsiyyət vasitəsidir. İslama görə, hər bir mömin şəxsin ibadətləri yerinə yetirməsi vacibdir. Ona görə də hər belə məsələ - xüsusilə də həbsə düşəndən və ya işdən azad edildikdən sonra ibadətə başlamaq hər kəsin şəxsi işidir. Hər kəs çalışmalıdır ki, vəzifədə olub-olmamasından asılı olmayaraq davranışları və əxlaqi ilə seçilsin".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, ibadət yalnız namaz qılmaq deyil, ibadət həm də Tanrıya yaxınlaşmaq, dinin digər tələblərini yerinə yetirmək, insanlara yaxşı nümunə olmaq deməkdir: "Yəni, geniş müzakirələrin aparılması, insanların şəxsi işinə qarışılmasının tərəfdarı deyiləm. Kimsə ibadət edir və etmirsə, şəxsi işidir. Belə məsələlərə başqalarının müdaxilə etməyə haqqı yoxdur. Bu, naməhrəm mövzudur, bəndə ilə Allah arasındadır. Allah özü bilər, kimin ibadətini qəbul edir, ya etmir. Lakin hər kəs vəzifəsindən asılı olmayaraq dinin tələblərini yerinə yetirməyə çalışmalıdır. Dinin də yanaşması budur ki, insan yalnız çətin vəziyyətdə olanda yox, hətta ən yaxşı vəziyyətində belə Allahı xatırlamalı, haqq-ədalət tərəfdarı olmalıdır".
Nəzrin Cavid