Bəzi sürücülər avtomobillərinə zavodda quraşdırılan duman işıqlarına hallogen lampa əvəzinə led işıq quraşdırırlar. Bu isə xarici işıq cihazlarından istifadənin pozulması, eləcə də yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Led lampalardan xüsusilə gənc sürücülər tez-tez istifadə edirlər. Belə lampalarla onlar avtomobillərini digər maşınlardan fərqləndirməyə çalışırlar. Bu işıqlar isə bir çox hallarda yol nəqliyyat hadisələrinə, eləcə də digər sürücülərin çaşqınlığına səbəb olur.
Yol polisi bildirir ki, bu cür hallara yol verən sürücülər cərimələnəcəklər.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyir ki, mövcud işıq cihazlarından istifadə qaydalarının pozulması üçün 50 manat cərimə nəzərdə tutulur.