"Forbes" şou-biznesin ən çox qazanc əldə edən nümayəndələrinin siyahısını açıqlayıb.
Yeni Zelandiyalı rejissor Piter Cekson təqvim ili ərzində 580 milyon dollar qazanıb və bu göstəriciyə görə dünyanın digər məşhurları arasında birinci yeri tutub.
“Üzüklərin Rəbbi” (The Lord of the Rings) trilogiyasının rejissoru Piter Cekson noyabrın 10-da özünün kino sənayesində ən tanınmış studiyalardan biri olan Weta Digital xüsusi effektlər studiyasını Amerikanın proqram təminatı üzrə Unity Software kompaniyasına 1,6 milyard dollara satdığını elan etmişdi. Məhz bu sövdələşmə “Forbes”in siyahısında Ceksonu liderliyə yüksəldib, onu, həmçinin Stiven Spilberq və Corc Lukasdan sonra üçüncü milyarder rejissor edib.