Azərbaycanda ötən il götürülən ipoteka kreditlərinin 93 faizi ilə bina evlərindən mənzil alınıb. Yalnız 7 faiz şəxs əldə etdiyi ipoteka kreditini fərdi evə yönəldib. İpoteka kreditlərinin əksər hissəsi ilə məhz bina evləri alınmasını isə həm əmlak sektorundakı mövcud durum belə şərtləndirib, həm də bu alıcıların öz seçimi nəticəsində baş verib.
İpoteka krediti götürmək üçün müraciət edən şəxsdən tələb olunan sənədlər sırasında almaq istədiyi evin çıxarış sənədi tələb olunur. Bu isə ipoteka kreditlərinin birməanlı şəkildə çıxarış sənədi olan evlərin alınmasına yönəlir. Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, fərdi evlərin və onlara məxsus torpaq sahələrinin müvafiq sənədlərinin olmaması ipoteka kreditlərinin sözügedən evlərə ünvanlanmasının qarşısını alır.