Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 94 nəfərə çatıb, ölənlərdən 8-i azyaşlıdır.
Bu barədə çərşənbə günü xilasetmə xidmətlərinə istinadən “Globo” telekanalı məlumat yayıb.
Xilasedicilər indiyə qədər dağıntılar altından sağ qalan 24 nəfəri çıxarmağa müvəffəq olub. Qeyd edilir ki, dağıntılar altında ola biləcəyi ehtimal edilən daha 35 nəfərin axtarışları davam edir. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı axşamdan şəhərdə olub. O, mətbuata açıqlamasında "Bu, 1932-ci ildən bəri (şəhərdə) ən güclü yağış idi", - deyib.