Maraqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?
Ondan başlayaq ki, Nəcməddin Sadıkov zirehli maşını hansı pulla alınıb sualı da artıqdır. Vəzifədə olduğu dönəmdə adı büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsi olaylarında təkrar-təkrar hallanıb.
Onun yüz belə avtomobil almaq imkanına sahib olması da təəccüblü olmamalıdır. Ordudakı zirehli döyüş maşınlarının pullarının hara getməsini bilmək üçün Nəcməddin Sadıkovun sürdüyü maşının dəyərinə diqqət etmək kifayətdir. Zirehli maşınların bazar qiyməti 200 min dollardan başlayır və 2-3 milyon dollara qədər ola bilir.
Məsələn, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, həbsindən az əvvələ qədər “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri 1 milyon 200 min dollar olan “Mercedes G63 AMC İNCAS” zirehli avtomobildə gəzirdi.
Zirehli maşınlar əsasən Almaniyanın məşhur avtomobil markaları tərəfindən istehsal olunur. Yaponiya, Koreya, Rusiya istehsallı da zirehli maşınlar az deyil. Belə maşınların salonunda olanlar snayper gülləsi və qrantomyotun zərbəsindən zireh hesabına qorunur. Azərbaycan reallığında ilk və tək fakt deyil. Bu günə qədər tanınmış dövlət adamları, siyasətçilər, hətta müğənnilər arasında da öz həyatını qorumaq üçün zirehli maşından istifadə edənlər az olmayıb.
Bəs bəşəriyyət? İlk zirehli maşın nə vaxt, harada istehsal olunub?
İlk zirehli maşın Rusiyada yaradılıb. Mühəndis Luskoy 1900-cü ildə onun ilkin ideyasını verib eskizlərini cızsa da 1902-ci ildə mühəndis Simms gücünü səfərbər edərək onu araya-ərsəyə gətirib. Dünya tarixində zirehli maşından ilk dəfə istifadə edən siyasi lider ABŞ prezidenti Harri Trumen olub. 1949-cu ildə həyatını qorumaq istəyən prezident zirehli maşının ən ibtidai formasından istifadə edib. Sovetlərdə isə ilk zirehli maşın Stalinə ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən hədiyyə edilib. Hətta Stalin Tehran, Yalta, Potsdam səfərlərinə gedərkən qatardan düşən kimi ona hədiyyə edilmiş ağ rəngli zirehli “Mercedes”indən istifadə edib. Dünyanın əksər ölkələrinin prezidentləri qarajlarında zirehli maşınlar saxlayırlar.
Azərbaycanda ilk dəfə zirehli maşından mərhum dövlət başçısı Əbülfəz Elçibəy istifadə edib. Vəzifədən getdikdən sonra isə sözügedən maşın mərhum prezident Heydər Əliyevin istifadəsinə verilib. Hazırda əksər nazirlər də təhlükəsizlik məqsədilə belə maşından istifadə edirlər. İş adamlarından isə “Azersun Holdinq”in prezidenti Abdolbari Gozelin xidməti maşınının zirehli olduğu bildirilir.
Nəcməddin Sadıkova gəlincə, o, 2009-cu ilin fevralından bu yana zirehli maşında gəzir. Həmin il müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev qətlə yetiriləndən sonra o zaman Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunda olan Nəcməddin Sadıkov özünə “BMW” markalı zirehli maşın alıb.
Zirehli maşınlar təhlükəyə qarşı müqavimət dərəcəsinə görə üç qrupa bölünür: V4, V6 və V7.
V4 qrupuna daxil olan zirehli avtomobillər 44 kalibrli silahdan açılan atəşə dözümlüdür. Bu kateqoriyadan olan maşınlar adətən qarət və xuliqanlıqdan qorunmaq üçündür. V6 və V7 mühafizə dərəcəli zirehli maşınlar isə adətən sui-qəsd və terror hadisələrindən uğurla çıxır. Bu tipdən olan zirehli maşınlar ardıcıl atılan 2 qumbaraatan mərmisinə dözür.