Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Çad Ştaynberqin rəhbərlik etdiyi və Fondun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinskin də təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirib.
Pravda.az-ın xəbər verir ki, görüşdə 2021-ci ilin makroiqtisadi yekunları, icmal və dövlət büdcələrinin icra vəziyyəti, 2022-ci il və ortamüddətli dövr üçün proqnozlar, büdcə siyasətinin istiqamətləri, inflyasiya təzyiqləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, 30 illik işğaldan sonra azad edilmiş torpaqların bərpa və yenidənqurulması, “COVİD-19” pandemiyası ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, 2021-ci ilin bütövlükdə, ölkənin sosial-iqtisadi inkişafı baxımından uğurlu il olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə 2021-ci ildə ÜDM-in artım tempi 5.6%, qeyri-neft ÜDM-nin artım tempi isə 7.2% təşkil edib.
Nazir həmçinin qeyd edib ki, 2021-ci ildə sürətli iqtisadi bərpa prosesi fonunda dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icrası təmin edilib, xərclər proqnozla müqayisədə 4 faiz az icra olunub, dövlət büdcəsinin kəsiri isə proqnozlaşdırılan kəsirlə müqayisədə 67,4 faiz az icra edilərək cəmi 1 milyard 16 milyon manat təşkil edib. Dövlət borcunun vəziyyətinə gəlincə, müsbət iqtisadi tendensiyaların borcun dayanıqlığının nəzarət olunan səviyyədə saxlanılmasına imkan verdiyi diqqətə çatdırılıb.