60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə lider namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsinə münasibət bildirib.
F.Ağamalı Pravda.az-a açıqlamasında deyib ki, bu, həmin seçki dairəsində ümumi nəticələri dəyişmir: “Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizədlərin dairə seçki komissiyasının qərarından verdikləri şikayətə baxılıb. Təqdim edilmiş materiallar ciddi araşdırılıb. İclasda 42 seçki məntəqəsindən 11-də səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin seçki dairəsinin 31 məntəqəsində səsvermənin nəticələri qüvvədədir. Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır. 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi seçkilərin ümumi nəticəsinə təsir göstərmir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəy yazanlara təklif edirəm ki, Seçki Məcəlləsini oxusunlar, o zaman səsvermənin ümumi nəticələrinin dəyişib-dəyişməməsi ilə bağlı məlumat almış olacaqlar. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, daha çox səs toplayaraq qalib gəlmiş hesab olunuram”.