Rusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanskiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb. Böyük bir regionda dominant valyuta rolunu oynayan rubl, sanksiyalara tab gətirə bilmir. Rusiya ilə yüksək səviyyədə iqtisadi əlaqələri olan ölkəmizə rublun kəskin dəyər itirməsinin hansı təsirləri ola bilər? İqtisadçı ekspertin proqnozlarını eşidək..
Rusiyada yüz minlərlə soydaşımız çalışır və Azərbaycanda yaşayan yaxınlarına müntəzəm şəkildə vəsait göndərir. Ümumilikdə ölkəmizə xaricdən hər il təqribən 1,2 milyard dollar vəsait göndərilir ki, bunun da təqribən 53 faizi Rusiyanın payına düşür. Rusiyadan ölkəmizə göndərilən vəsaitlər 2020-ci ildə 17, 2021-ci ildə isə 13 faiz artıb. Ekspertlər deyirlər ki, Ukrayna ilə bağlı baş verənlərin fonunda Rusiya iqtisadiyyatının qarşılaşdığı problemlər bu ölkədən göndərilən vəsaitlərə də təsirsiz ötüşməyəcək.
Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Azərbaycanın meyvə və tərəvəz məhsullarının əsas ixrac ünvanı olan Rusiyada rublun dəyər itirməsi xarici məhsulların bu ölkədə bahalaşmasına və nəticədə alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Yəni Azərbaycan məhsullarının bu ölkədə bahalaşmaması üçün ixrac etdiyimiz məhsulları əvvəlkindən daha ucuz qiymətə satmalıyıq. Lakin bu ölkəyə tətbiq olunan digər sanksiyalar azərbaycanlı ixracatçılara əlavə imkanlar da verə bilər.