"Ukrayna xalqı artıq 10-cu gündür ki bir yumruq kimi birləşərək öz azadlıqları uğrunda mübarizə aparırlar. Bu gözəl məmləkətdə günlərdir ki bombalar partlayır, raketlər atılır, Ukrayna səması raket toz-dumanına bürünüb. Bu müharibədə Ukraynada yaşayan azərbaycanlılar da əziyyət çəkirlər. Bu günə qədər 15 minə yaxın azərbaycanlı evini tərk edərək Ukraynadan təxliyə olunub, 10-a yaxın soydaşımız dünyasını dəyişib. Biz martın 2-də 1100 nəfərin təxliyəsinə nail olmuşuq. Üstəlik, Odessadan hər gün 150-250 nəfər təxliyə edilir. Bu işdə diaspora və səfirlik nümayəndələrinin əməyi böyükdür".
Bunu Pravda.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Ukraynanı tərk etmək istəməyən bir qrup vətəndaş isə ölkənin qərbinə evakuasiya edilib: "Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Ukrayna Azərbaycanlıları Radası, diaspor və səfirlik bir yumruq kimi birləşərək qardaşlıq, dostluq ortamı yarada biliblər. Hər kəs əlindən gələni edir və hətta əllərindən gəlməyəni də etməyə cəhd göstərirlər. Orduya köməklik edilir, azərbaycanlıların problemlərini aradan qaldırmaq üçün həll yolu axtarılır. Biz özümüzü ukraynalılardan ayırmırıq. Yeri gəlmişkən, martın 6-da azərbaycanlıların Kiyevdən təxliyəsi planlaşdırılır. Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri Oleq Krapivinin dəstəyi və təklifi ilə Türkiyəyə məxsus şirkətlə danışıqlar aparılıb və 55 nəfərlik avtobus ayrılıb. Həmin avtobus reysi ilə soydaşlarımız birbaşa Türkiyənin İstanbul şəhərinə aparılacaqlar. Bütün yol xərcləri Oleq Krapivin tərəfindən ödəniləcək. Daha sonra yenidən soydaşlarımızı siyahıya alıb getmək istəyənləri müəyyən edəcəyik. Hesab edirəm ki, Kiyevi tərk etmək istəyən azərbaycanlıların hər birini təxliyə edə bilərik. Allah haqq uğrunda mübarizə aparan hər kəsi, eləcə də Ukrayna xalqını və burada yaşayan azərbaycanlıları qorusun".
Nəzrin Cavid