Bu gün “8 Mart Beynəlxalq Qadınlar Günü”dür, qadınların günüdür. O qadınlar ki, artıq onlar kişilərlə bərabər hüquqlara malikdirlər, səs verə, seçilə, müxtəlif sahələrdə, hətta çətin peşələrdə belə çalışa bilirlər.
Həmin çətin peşələrdən birinə yiyələnən və bu sahədə özünü doğruldan xanımlardan biri ilə, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli ilə həmsöhbət olduq. Əvvəlcə onu deyim ki, Günay xanım ilk olaraq fəaliyyətinə 2016-cı ildən metronun “Memar Əcəmi” stansiyasında qatarların qəbul-edilib, yola salınması üzrə növbətçi işləməklə başlayıb. Bu gün isə artıq maşinistdir. Oxu.Az “Bakı Metropoliteni” QSC-nin xanım maşinisti Günay Rafiq qızı Həbibli ilə müsahibəni təqdim edir:
-Bu peşə sizin üçün çətin gəlmir?
- Mən “Bakı Metropoliten” QSC-nin Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin Qatar Maşinistiyəm. Qanuni olaraq 2019-cu il aprelin 1-dən etibarən “Bakı Metropoliten”ində maşinist olaraq fəaliyyətə başlamışam. Artıq 4-cü ildir ki, maşinistəm. Maşinist olmaq elə bir şeydir ki, bu peşəyə sevgi istək mütləqdir. Həvəs yox, sevgi olmalıdır. Təbii ki, biz maşinistlərin işi asan deyil. Lakin çətin də deməzdim. Çünki mənə görə hər bir sahədə əngəllər mövcuddur. Bu əngəli çətinlik adlandırsaq, hansı nailiyyətlərdən söhbət edə bilərik? Çətinlik həyatın nəbzidir. Ondan qorxmaq yox, ilhamlanmaq lazımdır. İlk müsahibəmdə dediyim sözü yenidən demək istərdim ki, işini sevirsənsə heç bir iş sənin üçün çətin olmayacaq. Mən deyərdim ki, maşinist peşəsi səbir əzm, məsuliyyət diqqət və istək tələb edən xüsusi öhdəlikləri olan qürurverici bir peşədir.
-Artıq 4 ildir “Bakı Metropoliteni”ndə ilk maşinist xanım kimi çalışırsız. Sizdə yeraltı nəqliyyatın idarəolunması asandır yoxsa yerüstü?
-İstər fərdi, istərsə də ictimai nəqliyyat strukturu asan deyil. Bu mənim qəti fikrimdir ki, hər iki sahədə də çalışmaq asan deyil. Lakin müqayisə etmək mümkün olsa, mən deyərdim ki, yeraltı nəqliyyat daha çox öhdəlik tələb edir. Mən belə düşünürəm. Elə zənn edilməsin ki, sırf metropoliten əməkdaşıyam deyə belə düşünürəm, qətiyyən. Fikrimi əsaslandırmaq üçün deyim ki, hər ikisində insan faktoru və hərəkətin təhlükəsizliyi əsas meyardır. Hər ikisi xalqa xidmət edir.
Metropolitendə hər kəs bir-birindən asılıdır. Bu asılılıq zəncirvaridir. İş asılılığı yəni, hamımız dispetçerə tabe olsaq da birimizin işində səhv olarsa, ya məsuliyyətsizlik digərinin isə diqqətsizliyi ümumi olaraq bütün xidmətlərə, bütün hərəkət strukturuna təsir edir. Amma yerüstü nəqliyyatda isə bir tək sən cavabdehsən. İstər sürdüyün nəqliyyata, istərsə də bütün baş verən hadisələrə. Adi nasazlığı götürək, nasazlıq baş verərkən yerüstü nəqliyyatda sürücü özü bilirsə düzəldir, alınmırsa, yolda qoyur gedir. Ya da müvəqqəti olaraq ya evakuator çağırırlar. Mühüm deyildir ki, yerüstü nəqliyyatda sürücü maşını özü təmir etsin. Biz maşinistlər isə hər ay qatarın nasazlığını necə aradan qaldıra bilərik deyə mütəmadi təlimlər keçirik. Təlim Tədris Mərkəzində xüsusi hazırlanmış stimulyator vasitəsilə imtahan veririk. Maşinist kabinəsindən heç bir fərqi yoxdur. Orada təlimatçının nəzarəti altında nasazlıq yaradılır, məsələn qapılar açılmır, əyləclər nasazdır və s. Nasazlığı aradan qaldırmaq üçün isə bizim cəmi beş dəqiqə vaxtımız var.
Pik saatlarda bizim əsas problemlərimizdən biri sərnişinlərin vaqonların qapılarını tutmasıdır. Yerüstü nəqliyyatda belə bir problem olmur (gülür). Mindin, qapını bağladın getdin. Ondan əlavə 1 qatar sadəcə beş vaqondan ibarət deyil, onun içərisində bizim təhlükəsiz şəkildə mənzil başına çatdırmalı olduğumuz 2000-ə yaxın sərnişin var. Bu yerüstü nəqliyyatla müqayisədə daha çoxdur. Bütün bunlar məsuliyyətdir. Təkcə yeni tipli qatarları götürsək onlarda 1 vaqon 330 sərnişin tutumuna malikdir. Bu çox geniş mövzudur, düşünürəm fikrimi izah edə bildim.
-Sərnişinlər bəzən “maşinistlə əlaqə” düyməsini əsassız yerə basırlar. Bu kimi hallarla qarşılaşmısınızmı? Qarşılaşmısınızsa, ən maraqlı və ən təhlükəli olan hadisəni bizimlə bölüşün.
- Çox təəssüf ki, dediyiniz hallar tez-tez təkrarlanır. Sərnişinlərimiz bəzən əsassız yerə sərnişin-maşinist rabitəsindən istifadə edir. Biz kimliyindən asılı olmayaraq hər bir sərnişinə xidmət edirik, bu bizim borcumuzdur. Lakin sərnişin-maşinist rabitəsindən zarafat zəminində, insanı təhqir edən sözlərə məruz qalırıq. Bu reallıqdır. Bizim işimiz səbir tələb etdiyi üçün bu cür təhqirlərə məruz qaldığımızda cavab vermirik. Ona görə əsas xahişimiz sərnişin-maşinist rabitəsindən vaqonda hər hansı hadisə, problem yaranarsa istifadə etmələridir. Bu rabitə vasitəsilə biz problemdən vaxtında xəbər tutub və dərhal onun aradan qaldırlması üçün addım atırıq. Lakin ən pisi sərnişinlərin stansiyaya qatar daxil olarkən sərnişin-maşinist düyməsinə basaraq zarafatlaşmalarıdır. Bu qətiyyən düzgün deyil. Çünki qatar stansiyaya daxil olarkən maşinist həm qatarı düzgün şəkildə hüdud xəttində güzgü bərabərində saxlamalı, həm də yolun boşluğuna nəzarət etməlidir. Eyni zamanda sərnişinlərə hansı stansiyanın ərazisində olduğumuza dair məlumat verməlidir. Ümid edirəm ki, hörmətli sərnişinlərimiz bu kimi hallara daha yol verməyəcəklər.
Bu həm sərnişinlərin, həm də maşinistlərin təhlükəsizliyi və rahatlığı üçündür. Belə hallar əlbəttə mənim də başıma gəlib. Amma xoş təəssüratlarım da var. Söz vaxtına çəkər, bir dəfə 8 mart günü idi. Səhər növbədə idim. O günü aralarında həm kişilər, həm xanımlar olan 3-4 sərnişinimiz SPM, sərnişin-maşinist məlumat rabitəsi ilə təbrik edib, xoş sözlərini çatdırmışdılar. Bu mənim üçün hədiyyədən belə gözəl bir addım idi. İnanın insana qarşı diqqətli olması çox gözəl davranışdır.