“Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymondo deyib ki, Çin şirkətləri Rusiya əleyhinə sanksiyalara qoşulmasalar, onlara qarşı da sanksiyalar tətbiq olunacaq. Çinin Şanxay şəhərindəki nəhəng SMIC şirkəti Qərb texnologiyaları əsasında proqram təminatı üçün yarımkeçiricilər istehsal edir. SMIC Rusiyaya məhsul ixrac edərsə ABŞ həmin şirkəti proqram təminatından məhrum edəcək. Amerika ticarət nazirinin sözlərinə görə, ölkəsi Çinin həmin şirkəti ilə əməkdaşlığı dayandırsa, Çin çip istehsal edə bilməyəcək. Bu Çinə böyük zərbə olar. Beləliklə, Vaşinqton çalışır ki, Pekin Ukrayna məsələsində “neytral” siyasətdən əl çəksin. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel də bir müddət əvvəl Çinin xarici işlər naziri Van İnə müraciət edərək müharibənin dayandırılması məqsədilə Pekinin Kremlə təsir etməsini istəyir. Buna baxmayaraq, Pekinin mövqeyində dəyişiklik yoxdur”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.