Meta şirkəti Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı "Facebook" sosial şəbəkəsində istifadə qaydalarına müvəqqəti dəyişiklik edib. Yeni qaydalara görə, Ukraynanın, həmçinin də Ermənistan, Azərbaycan, Gürcüstan, Estoniya Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya ölkələrinin istifadəçilərinə icazə verib ki, rusiyalılara, rus hərbçilərinə, Putinə və Lukaşenkoya qarşı zorakalığa və nifrətə çağırışlar edə bilərlər. Maraqlıdır ki, adı çəkilən hər iki ölkə liderinə qarşı ölüm çağırışlarını da Meta yeni qaydalarda legitimləşdirib. Meta şirkəti sadə rusiyalılara qarşı zorakalıq çağırışlarına icazə verilməyəcəyini də bildirib. Bundan sonra ukraynalıların, həmçinin adı çəkilən ölkələrin istifadəçilərinin, məsələn, "rus işğalçılarına ölüm" tipli statusları artıq Facebook tərəfindən bloklanmayacaq. Bundan öncə isə ukraynalıların və bir çox ölkələrin Rusiyanın təcavüzünə qarşı etirazları ilə bağlı paylaşımlar Facebook tərəfindən bloklanırdı. Meta rəhbərliyi dəyişiklikləri işğala qarşı insanların öz hisslərini ifadə etməsi üçün şərait və imkan yaradılması ilə izah edib. Bu dəyişiklikdən sonra, bu gün Rusiya Baş Prokurorluğu məhkəmədən Meta şirkətini, həmçinin onun resursları olan Facebook, Instagram və WhatsApp-ı ekstremist qurum kimi tanınmasını və onların Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulmasını istəyib.

Düşünürəm ki, qlobal sosial media resurslarını siyasi alətə çevirmək, siyasi-hərbi rəhbərliyə deyil adi istifadəçilə qarşı aşırı ayrı-seçkilik yaradılması, sosial medianın qarşıdurma alətinə çevrilməsi də doğru yanaşma deyil.

Yeri gəlmişkən, ikili standartlar burada da özünü göstərir. Vətən Müharibəsi zamanı bizim sosial media istifadəçilərinə qarşı da Facebook tərəfindən aşırı bloklanma aparılırdı.Hansı ki, biz ədalətli müharibə aparırdıq.

Osman Gündüz

Ekspert